Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.
== Haqqında ==
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur.
Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur.
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.
== Əsas vəzifələri ==
əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək;
əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək;
əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək;
əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək;
rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək;
əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;
əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək;
öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
== Strukturu ==
Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir.
Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir.
Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.